Tibb kollecinin yeni binası
Farmakologiya
Təcrübə
Elmi kitabxana
Mikrobiologiya

İstehsalat təcrübəsi

Kollecdə hər ixtisasa uyğun praktiki dərslər keçirilir.

Təhsil diplomu

Kollecimizi bitirən məzunlara dövlət qeydiyyatından keçmiş diplomlar verilir.

Dövlət İmtahanları

Tədris olunan fənlərə uyğun imtahlar keçirilir.

Zəngin kitabxana

Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladaraq deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlamışdır. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızda da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində 1290 həkim, 2260-dan artıq orta tibb işçisi ştatı mövcuddur. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Həmçinin həkimlər və orta tibb işçiləri ixtisasartırma kurslarına göndərilir, onların bilik səviyyəsi və peşəkarlığı artırılır. Artıq muxtar respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir.

Ali Məclisin Sədri buna görə muxtar respublikanın səhiyyə işçilərinə təşəkkürünü bildirərək deyib: Səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. Muxtar respublikanın səhiyyə işçiləri də bu yenilikləri öyrənməli və tətbiq etməlidirlər. Səhiyyənin inkişafı üçün birincisi şərait olmalıdır, ikincisi isə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir. Muxtar respublikamızda hər iki amil diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrində müasir avadanlıqlar quraşdırılmışdır. Həkim və orta tibb işçilərinin hazırlanmasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda, ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.

Ali Məclisin Sədri deyib: 1931-ci ildə fəaliyyətə başlayan Naxçıvan Tibb Kolleci şərəfli inkişaf yolu keçmişdir. Kolleci bitirən 8 mindən çox məzun muxtar respublikada əhalinin sağlamlığının keşiyində dayanmışdır. Bu gün də bu iş davam etdirilir. 8 ixtisas üzrə tələbə hazırlığı aparan kollec muxtar respublikamızın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcəkdir. Ona görə də məktəbdə yaradılan şəraitdən səmərəli istifadə olunmalı, tələbələr yüksək səviyyədə hazırlanmalı, tələbkarlıq artırılmalı, praktik dərslərə üstünlük verilməli və nizam-intizama ciddi əməl edilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.

Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək deyib ki, yenidənqurma işlərindən sonra kollec müasir tibbi təhsil müəssisəsinə çevrilib. Müəllimlər və tələbələr üçün ən müasir tədris şəraiti yaradılıb. Hazırda kollecdə 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır. Bu tədris ilində 231 tələbə məzun olub ki, onlardan da yeddisi fərqlənmə diplomuna layiq görülüb. 2018-2019-cu tədris ilində Naxçıvan Tibb Kollecinə 230-dan çox tələbə qəbul olub. Hazırda kollecdə 58 müəllim və həkim çalışır. Tələbələrin təcrübi tibbi biliklərinin daha da artırılması istiqamətində tədbirlər görülür, onlar dərsdən sonra muxtar respublikanın səhiyyə müəssisələrində müxtəlif ixtisaslar üzrə təcrübə keçirlər. Hazırda kollecdə elektron təhsil tətbiq olunur. Yaradılan şərait kollektivin məsuliyyətini daha da artırır. Sona Məmmədova ixtisaslı və peşəkar tibbi kadrların hazırlanması istiqamətində səylərini artıracaqlarını bildirib, yaradılan şəraitə görə Naxçıvan Tibb Kollecinin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, kollecin binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yenidənqurma işləri zamanı binanın bünövrəsi möhkəmləndirilib, fasadı yenilənib, müasir tədris şəraiti yaradılıb. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələri, müayinə otağı, kitabxana, iclas zalı, 2 kompüter otağı, müəllimlər otağı, Heydər Əliyev lektoriyası, şahmat sinfi, 13 auditoriya və 9 mühazirə zalı, hərbi kabinə, idman zalı, bufet və arxiv vardır. Laboratoriyalar müasir avadanlıqlarla təmin edilib. Auditoriyalarda quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçirilməsinə, o cümlədən elektron dərsliklərdən istifadəyə imkan verir.

Anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələrində nəzəri biliklərin praktik formada möhkəmləndirilməsi üçün lazımi şərait yaradılıb, tibbi avadanlıqlar qoyulub. Kitabxana fondunda 1154-ü tibbi və 3683-ü bədii ədəbiyyat olmaqla, 4837 kitab vardır. Həmçinin kollecdə elektron dərslik bazası da yaradılıb. Kompüter otaqlarında isə internetə çıxışı olan 48 kompüter qoyulub, elektron imtahan proqramı quraşdırılıb. Bu da imtahanların elektron formada aparılmasına imkan verəcəkdir.

Kollecin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Birlik, nizam-intizam və tələbkarlıq olan təhsil müəssisələrinin nailiyyətləri də çox olur. Ötən dövrdə Naxçıvan Tibb Kolleci uğurlu fəaliyyət göstərmiş və böyük inkişaf yolu keçmişdir. Buranı bitirən məzunlar muxtar respublikada səhiyyənin inkişafına öz töhfələrini verirlər. İxtisaslı tibbi kadrların hazırlanması sahəsində kollecin yaratdığı ənənə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yaranması üçün əsas verdi. İstər tibb fakültəsinin, istərsə də kollecin məzunları bu gün muxtar respublikada ən mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər. İnsanlarımıza yaşadıqları yerlərdə hərtərəfli tibbi xidmət göstərilir. Muxtar respublikadakı müasir xəstəxanaların, həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin orta tibb işçiləri ilə təminatı Naxçıvan Tibb Kolleci tərəfindən həyata keçirilir. Həkim müayinə edir, təyinat verir, orta tibb işçisi isə müalicəni aparır. Ona görə də kollektiv yaradılan müasir tədris şəraitindən səmərəli istifadə etməli, kadr hazırlığı işi daim diqqətdə saxlanılmalıdır.

Kollecin müəllimi Sahibə Quliyeva yaradılan şəraitə görə müəllimlər və həkimlər adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəсəklərinə söz verib.

Ali Məclisin Sədri kollecin elektron dərslik fondunun zənginləşdirilməsi, müəllim və tələbələrin təcrübə mübadiləsinin davam etdirilməsi, tədris prosesində qədim tibbi metodların və ənənələrin də öyrədilməsi barədə tapşırıqlar verib.

Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

TİBBDƏ BU GÜN

XƏBƏR LENTİ

  aliyev mueum new   nakhchivanaz banner new   imp   turizm banner new 

Bizi sosial şəbəkələrdə izləyin