08 Noyabr 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində müəllim -tələbə heyətinin iştirakı ilə 9 Noyabr “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan himni səsləndirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Eyni zamanda1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı Dövlət bayrağı elan etmişdir. Qeyd olunub ki, şanlı bayrağımız Doğma Naxçıvanımızın ən gözəl güşəsində dalğalanır. Baxdıqca qurur, fərəh hissi keçiririk. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız bizim qürur və varlığımızın, milli birliyimizin təcəssümüdür. Onu qorumaq hər birimizin müqəddəs borcudur. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Sevindirici haldır ki, gənclərimizin hamısı bayrağımıza yüksək ehtiram bəsləyir. Biz müstəqilliyimizin qədrini bilməli, onu qoruyub inkişaf etdirməliyik.
Tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri Pakizə Babayeva və Rəna Vəliyeva çıxış edərək diqqətə çatdırmışlar ki, Bayraq - bir ölkənin dövlət rəmzi olub, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir məna daşıyır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qəraralar alınmışdır. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “ Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.Həmin ilin noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi dövlət atributları təbliği istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Tədbirin sonunda Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının hazırladığı video çarx izlənildi.
Tədbirdən sonra Naxçıvan Tibb Kollecinin müəllimi və tələbələri Bayraq meydanına getmiş və Bayraq Muzeyinə baxış keçirmişlər.