Naxçıvan Tibb Kollecinin yekun hesabatı

      Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan olan Naxçıvan Tibb Kolleci orta ixtisas təhsil müəssisəsidir. 15 yanvar 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində 2018-ci ilin yekun hesabat iclası keçirilmişdir. Kollecin direktoru Sona Məmmədova çıxış edərək carı ilin yekun hesabatı, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında məlumat vermişdir.

       Muxtar respublika rəhbərliyinin təhsilin inkişafına və əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 2018-ci ildə Naxçıvan Tibb Kolleci əsaslı təmir olunaraq yeni tədris ili üçün istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, son iyirmi ildə kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 8 ixtisas üzrə aparılır. Kollecdə 39 qrup, 8 ixtisas üzrə tələbələrin  ümumi  sayı  712 nəfərə  çatmışdır.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli 306-04/S saylı Sərəncamının icrası ilə əlaqədar kollecdə tələbələrin təcrübi tibbi biliklərinin daha da yaxşılaşdırılması məqsədilə onların dərslərdən sonra tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirilmişdir. İl ərzində 263 tələbə tibb müəssisələrinə göndərilmişdir. İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə  Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respulikası Ankara şəhərində yerləşən “Yıldırım Beyazit Eğitim və Araşdırma” xəstəxanasında bir aylıq təcrübə mübadiləsi keçmişlər.       Naxçıvan Tibb Kollecində  müvafiq ixtisaslar üzrə təkmilləşdirmə kurslarının təşkili işi günün tələbləri səviyyəsində qurulmuş, Səhiyyə Nazirliyinin göndərişi ilə tibb müəssələrində çalışan 372 nəfər müdavim təkmilləşdirmə kursunda iştirak etmişdir. Kollecdə təlim-tərbiyə, dərsə davamiyyət, təcrübə dərslərinin vəziyyəti, semestr və dövlət imtahanlarına hazırlığın təşkili və s. məsələlər  müzakirə edilmiş, çatışmazlıqların aradan qaldırmaq məqsədilə lazımi tədbirlər görülmüşdür. 2018-2019-cu tədris ilinin I yarısından Kollecdə semestr imtahanları test üsulu ilə elektron variantda aparılır, əvvəlcədən hazırlanan imtahan cədvəlləri elan lövhəsində yerləşdirilmişdir.

 Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə geniş yer verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟ Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında ” 14 mart 2015-ci il tarixli 286-04/S saylı Sərəncamının icrası ilə əlaqədar kollecin müəllimləri  tərəfindən  il  ərzində Naxçıvan  şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərində ayda bir dəfə nümunəvi dərslər keçirilir. Kollecin  müəllimləri 2018-ci tədris ili müddətində hər ay Naxçıvan şəhər 1,   3,  5,  7,  8, 12, 14, 16, 705 №-li, Şərur  rayon 2 №-li, Şahbuz rayon Nursu kənd, Ağbulaq kənd və Qızıl Qışlaq kənd tam orta məktəbi, Babək rayon Hacıvar, Vayxır, Nehrən və Şıxmahmud tam orta məktəblərində nümunəvi dərslərdə  iştirak  etmişlər.

Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq konfranslarda və müxtəlif seminarlarda mütəmadi iştirak etmişdir.

    Tələbələrin bilik  və  yaradıcılıq qabiliyyətlərinin  artırılması, onlarda vətəndaşlıq mövqeyinin formalaşdırılması və vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə kollecdə Tələbə Gənclər Təşkilatı və Gənc Vətənpərvərlər Birliyi fəaliyyət göstərir. Muxtar respublikanın müxtəlif nazirlik, idarə və təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə tələbələrimiz fəal iştirak etmişlər.

        Sonda Sona Məmmədova bildirmişdir ki,Naxçıvan Tibb Kollecinin pedoqoji kollektivi bundan sonra da muxtar respublika rəhbərliyinin qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə etməlidir. Naxçıvan Tibb Kollecinin  pedoqoji kollektivi  üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəlməli, fəaliyyətimizi günün tələblərinə uyğun qurmalı, təhsilin və elmi tədqiqatların səmərəliliyini artırmalıyıq. Məqsədimiz  bundan sonra da yüksək ixtisaslı, peşəkar,  insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır. İclasda kollecin şöbə mudiri Quliyeva Sahibə “Tibb bacısinin işi,əczaçılıq işi,idman və müalicə masajı və hərbi feldşer” şöbəsinin yekun hesabatıni səsləndirmişdir.

Bizi sosial şəbəkələrdə izləyin