Taktiki xüsusi təlim

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Tibb Kolleci  birgə  29-30 may tarixlərində Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunmaqla “Təbii fəlakət rayonlarında, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında xilasedicilərin və sanitar heyətlərin birgə fəaliyyətinin təşkili” mövzusunda keçirilən taktiki xüsusi təlimin əsas məqsədi fövqəladə halların müxtəlif şəraitlərində Tibb Kollecinin idarəetmə orqanlarının və mülki müdafiə qüvvələrinin fəaliyyət səviyyəsini yoxlamaq, Tibb Kollecinin komandaları arasında fövqəladə hallara hazırlıqla bağlı intellektual bilik yarışması keçirmək, kimyəvi zəhərlənmə ocağından xəsarət alanların təxliyə edilməsi üzrə sanitar heyətlərin təxliyə komandaları arasında yarış təşkil etmək, sanitar heyətlərin və hərbi feldşer komandasının əməli vərdişlərini möhkəmləndirmək, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında, döyüş bölgəsində və təbii fəlakət rayonlarında xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi bacarığını təkmilləşdirməkdən ibarət olmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Tibb Kolleci birgə keçiridyi təlimin birinci mərhələsində fövqəladə halların müxtəlif şəraitlərində Tibb Kollecinin idarəetmə orqanlarının və mülki müdafiə qüvvələrinin fəaliyyətə hazırlığı yoxlanılmış, sanitar heyətlərin və hərbi feldşer komandasının nəzəri biliklərinin möhkəmləndirilməsi məqsədilə komandalar arasında intellektual bilik yarışması keçirilmişdir. Komandalara Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hallar, belə hallarda alınan xəsarətlər və ilk yardımın göstərilməsi üsulları, eləcə də Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və emblemi ilə bağlı 30 sual təqdim edilmişdir. Fövqəladə Hallar və Səhiyyə Nazirliklərindən təyin olunmuş münsiflər yarışın nəticələrini qiymətləndirmiş, ən yaxşı komanda qalib elan olunmuşdur. Sonra “Radiasiya təhlükəsi” siqnalı üzrə Kollecin tələbələrinin gözlənilən fəaliyyəti məşq etdirilmişdir.
İkinci mərhələdə sanitar heyətlərin və hərbi feldşer komandasının əməli vərdişlərinin möhkəmləndirilməsi, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında, döyüş bölgəsində və təbii fəlakət rayonlarında xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi bacarığının təkmilləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim mərkəzində davam etdirilmişdir.
Təlimin keçirilmə planına uyğun olaraq əvvəlcə hərbi feldşer ixtisasının tələbələri və sanitar heyətlər təntənəli marşla tribuna önündən keçmiş, daha sonra əleyhqazın geyinilməsini komanda və manqa şəklində həyata keçirmişdir. Təxliyə komandaları arasında yarış təşkil edilərək tüstülü zonadan zərərçəkmişlərin xərək vasitəsilə təxliyə olunması təmin edilmişdir.
Hərbi feldşer komandası döyüş bölgəsindən yaralıların müxtəlif üsullarla təxliyə edilməsi və onlara ilk tibbi yardımın göstəriməsini nümayiş etdirmiş, minalanmış ərazidə qalan yaralı əsgərlərin təxliyə edilməsi və ilk yardımın göstərilməsini Mülki Müdafiə Alayının pirotexnik taqımı və hərbi feldşer komandası yerinə yetirmişdir.
Növbəti təlim yerində 2 nömrəli sanitar heyətin manqaları kimyəvi zəhərlənmə ocağında fəaliyyət göstərmiş, ərazinin vəziyyətinin öyrənilməsi məqsdilə kəşfiyyat işləri aparılmış, zəhərlənmənin lokallaşdırılması və ləğv edilməsi həyata keçirilmişdir. Eyni zamanda zəhərlənmə ocağında qalmış insanların təxliyə ediməsi təşkil edilmiş, karantin zonasından çıxarılmış zərərçəkənlər qismən və tam sanitar təmizləmədən keçirilmişdir. Daha sonra səhra duş kabinasında onların kimyəvi təmizlənməsi həyata keçirilmişdir.
1 nömrəli sanitar heyət şərti yaradılmış zəlzələ ocağında xilsedicilərlə çiyin-çiyinə fəaliyyət göstərərək zərərçəkənlərə hadisə yerində və çadırlarda ilk tibbi yardımın göstərilməsini təmin etmişdir. İlk növbədə fəlakət ocağında xilasedicilərin və xüsusi cihazların köməyi ilə uçqun və dağıntılar altında, uçmuş binaların zirzəmilərində və quyularda qalmış insanların axtarışı təşkil edilmiş, sonra isə xüsusi kəsici alətlərdən, xilasetmə vasitələrindən istifadə etməklə zərərçəkənlərin xilas edilməsi təmin edilmişdir. Sanitar heyətlər zədələnmə ocağında yaralanmalar, kəllə-beyin travması, döş qəfəsinin sıxılması, pnevmotoraks, sınıqlar, günvurma və elektrotravma, uzunmüddətli sıxılma sindromu ilə daxil olan zərərçəkmişlərə ilk yardımın göstərilməsini, onların təxliyəsini və çadırda həkiməqədərki yardımın göstərilməsini həyata keçirmişlər.
Təlim zamanı 3 nömrəli sanitar heyətin manqaları təbii fəlakət ocağında qanaxmalar, yanıqlar, məişət zəhərlənmələri və ilan sancması hallarında zərərçəkənlərə ilk yardımın göstərilməsi üzrə bacarıqlarını nümayiş etdirmişdir.
Sanitar heyətlərin və hərbi feldşer komandasının fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən və Respublika Xəstəxanasından təyin edilmiş hakimlər nəzarət etmiş və onların əməli fəaliyyətinə qiymət verilmişdir.
Təlimin üçüncü mərhələsində Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təyinatı üzrə peşə hazırlıqlarını Tibb Kollecinin müəllim-tələbə heyətinə nümayiş etdirmişdir.
Mülki müdafiə alayının xilasediciləri öz fiziki dözümlülüyünü, mənəvi-psixoloji və fiziki hazırlığını 18 elementdən ibarət maneələr zolağında nümayiş etdirmiş, qarşılarına çıxan bütün maneələri məharətlə dəf etmişlər.
Alpinist təlim mərkəzində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yüksək mərtəbəli binalardan zərərçəkənlərin vento avadanlığından istifadə etməklə, bermud vasitəsilə xilas edilməsini və onlara ilk yardımın göstərilməsini təmin etmişlər.
Təlim uğurla başa çatmış, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
Qeyd edək ki, təlimə ümumilikdə 255 nəfər şəxsi heyət, 2 xilasedici it, 2 ədəd avtobus, 3 ədəd təcili tibbi yardım avtomobili, 1 ədəd yanğınsöndürmə, 1 ədəd qəza-xilasetmə avtomobili və 1 ədəd motosiklet cəlb olunmuşdur. Təlim yerində xilasetmə işlərinin aparılması və ilk tibbi yardımın göstərilməsi üçün 4 ədəd çadır qurulmuş, tibbi yardım çantalarından, pirotexnika, xilasetmə və alpinist avadanlıqarı və cihazlarından, həmçinin Dekon duş kabinası, fərdi mühafizə vasitləri, radiasiya və kimya kəşfiyyat cihazlarından istifadə olnmuşdur.

Bizi sosial şəbəkələrdə izləyin