Elmi-praktik konfrans

07 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında “Kardiologiya və somatik xəstəliklərin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Kollecin müəllim və tələbə kollektivi iştirak etmişdir.

     Konfransın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Nazir vurğulayıb ki, muxtar respublikadakı yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər

    Nazir belə konfransların Naxçıvanda keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunması, onların buradakı həkimlərlə fikir mübadiləsi və birgə cərrahi əməliyyatlar aparması təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli məsələdir. Niyazi Novruzov qeyd edib ki, yerli həkimlərin xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsi və onların vətənə qayıdaraq əhalinin sağlamlığının keşiyində dayanması tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

   Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil və səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edib ki, son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi Naxçıvan Muxtar Respublikasında təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə təkan verir.

     Tədbirdə çıxış edən Rusiya Səhiyyə Nazirliyi Dövlət Elmi Tədqiqat Profilaktik Tibb Mərkəzinin professoru Mehman Məmmədov Naxçıvanda bu konfransın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Mehman Məmmədov belə konfransların kardioloqlar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

      Azərbaycan Respublikasının baş kardioloqu Yusif Nağıyev konfransın əhəmiyyətindən danışıb, təşkilatçılara təşəkkürünü bildirib.

   Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Bizi sosial şəbəkələrdə izləyin