Bayraq Günü

06 noyabr 2020-ci il tarixdə Naxçıvan Tibb Kolecində Bayraq günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

O , qeyd etmişdir ki, Ali Məclisin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu öndər bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

          Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və Heydər Əliyev yoluna sədaqətlərini ifadə edirlər

Sonra Naxçıvan Tibb Kollecinin müəllimi Pakizə Babayeva “ Bayraq gününün əzəmətli tarixi”mövzusunda çıxış etmiş , kollecin tələbəsi Leylan Cəfərova “Bayraq” şeirini səsləndirmişdir.

Tədbirin sonunda videoçarx izlənildi.

Bizi sosial şəbəkələrdə izləyin