Şəkərli Diabet

   13.11.2020 –ci il tarixdə Naxçıvan Tibb Kollecində   “14 noyabr Ümumdünya Diabet günüdür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

   Tədbiri giriş sözü ilə kollecin direktoru  Sona Məmmədova  açaraq  bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Bu tarix hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur. Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib və həmin kəşfə görə Nobel mükafatına layiq görülüb. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. Həmçinin bu günün qeyd edilməsi ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltməyə və onun qarşısını almaq istiqamətində səyləri birləşdirməyə şərait yaradır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.

   Qeyd etmişdir ki, milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır.

 

Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva çıxış edərək şəkərli diabetin tipləri,uşaqlarda şəkərli diabetin xüsusiyyətləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verimişdir.

   Sonda  Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova  “Şəkərli diabetin ağırlaşmaları və müalicəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələri  maraqlandıran suallar cavablandırılmışdır

  

Bizi sosial şəbəkələrdə izləyin