Ümumdünya Vərəmlə Mübarizə Günü

    

       19 mart 2020-ci ildə Naxçıvan Tibb Kollecində “Ümümdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, vərəmin müalicəsi və profilaktikası istiqamətində yeniliklərə nail olmaq məqsədilə hər il martın 24-ü Ümumdünya Səhiyyə Təşkilatının və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Bu gündə vərəmdən əziyyət çəkənlər və onların yaşadığı cəmiyyət, vətəndaş cəmiyyəti təşkilatları, tibb işçiləri və digər tərəfdaşlar vərəmin qarşısını almaq məqsədilə müzakirə və gələcək əməkdaşlığın planlaşdırılması, bu istiqamətdə təbliğat işinin aparılması və müxtəlif tədbirlərin keçirilməsi üçün imkan əldə edirlər. Dünyada minlərlə insanın diqqəti vərəm probleminə yönəldilir, əhali qlobal vərəm epidemiyası ilə əlaqədar məlumatlandırılır, vərəmin profilaktikası, müalicəsi məqsədilə bir sıra tədbirlər keçirilir, vərəmlə mübarizədə məlumatlılığın artırılmasına, gələcək inkişafın siyasi və sosial təminatının möhkəmləndirilməsinə imkan yaranır. Vərəmlə mübarizədə yeni alətlərin tətbiqi bu xəstəliyə qarşı cavab tədbirlərinin görülməsinə yardım edir.

          O, qeyd etmişdir ki, Naxçıvan  Muxtar Respublikasında vərəmlə mübarizə məqsədilə Ağciyər Xəstəliklər Dispanseri fəaliyyət göstərir. Muxtar respublika rəhbərliyinin göstərişi ilə  hər il tam orta ümumtəhsil məktəblərində Mantu sınağı aparılır. Həmçinin vərəmli xəstələr lazımi dərman preparatları ilə təmin olunurlar.

Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva “Uşaqlarda vərəmin etiologiya və klinikası” mövzusunda çıxış etmiş, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova “Vərəmin müalicəsi” mövzusunda slaydla çıxış etmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin