Mütaliə günü

09 aprel 2021-ci il tarixdə Naxçıvan Tibb Kollecində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxansı tərəfindən “Mütaliə günü” ilə əlaqədar “Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir” adlı tədbir keçirilmişdir. 

Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova qonaqları salamlamış və çıxışında bildirişdir ki, mütaliə insanların mənəvi həyatının formalaşmasına, hərtərəfli inkişafına dərin təsir edir. Oxunan mətnin növündən, janr və mövzusundan asılı olmayaraq, mütaliə insanın həyatında mədəniyyətə yiyələnmənin ən mühüm vasitəsi kimi çıxış edir. Mütaliə bilik əldə etmənin, elmə yiyələnmənin, elmin zirvəsinə yüksəlmənin ən mühüm vasitəsi olduğu kimi, həm də tərbiyə prosesinin tərkib hissəsidir.

Qeyd edilmişdir ki, tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Kitab bəşər həyatında qalacaq miras, inkişaf etdirən və ziyalandıran ünsürdür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir, insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan, onu tərbiyələndirən ən mühüm vasitə olub.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası  direktoru Tamella Əsgərova tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, belə tədbirlərin keçirilməsinin məqsədi oxuculara yüksək səviyyədə xidmət etmək, cəmiyyətin informasiyaya olan marağını  təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaq üçün kitabxanaçaların işinin istiqamətləndirilməsi, iş təcrübəsini bölüşməsidir.

Sonra  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının elektron zal müdiri Zeynab Sadıqova “İntellketual səviyyənin yüksəlməsində mütaliənin rolu”,  həmin kitabxananın kitabxanaçısı Rəsmiyyə Yusifova “Kitab oxumaq bizə nə verir?” adlı mövzularla çıxış etmişlər. Çıxışlarda  bildirilmişdir ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətləri dərk etməyə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və.s  məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Kitab insanın ən yaxın dostudur. O cəmiyyət həyatının bütün sahələrinin inkişafını tənzimləyən  ümdə vasitə, insanın həyat yoluna işıq saçan bir bələdçidir.

Bizi sosial şəbəkələrdə izləyin