Maarifləndirici Söhbət

     14 aprel 2021-ci tarixdə Naxçıvan Tibb Kollecində “Startap layihələri və innovativ inkişaf”, “Zərərli vərdişlərə yox deyək”, “Nağdsız qaydada əməliyyatların aparılmasının təşviq edilməsi” mövzularında maarifləndirici görüş keçirilmişdir.

     Naxçıvan Tibb Kollecinin informatika müəllimi Gülşad Axundova tələbələrə “Startap layihələri və innovativ inkişaf”haqqında məlumat vermişdir. O, çıxışında muxtar respublikada elm və təhsilin yeni standartlar çərçivəsində innovativ inkişafa yaradılan şəraitdən danışmışdır. Bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ümumilikdə təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub. Bu Sərəncamla bütün təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənib. Qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edib, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlayıb.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”  2019-cu il 3 aprel tarixli müvafiq saylı Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Sərəncamda “İdeyadan başlanğıca” devizi ilə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

    Görüşdə “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş etdirilmişdir.

    Sonra kollecin metodisti Səidə Şahverdiyeva “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edərək tələbələrə asılılıq yaradan zərərli vərdişlər barəsində ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan zərəli vərdişlərin törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Zərəli vərdişlərin əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. O, bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramın”nın təsdiq edilməsi haqqında 14 fevral 2020-ci il tarixli müvafiq saylı Sərəncamına əsasən Naxçıvan Tibb Kolleci tərəfindən 2021-ci ildə görüləcək işlər üzrə tədbirlər planını hazırlamışdır. O, qeyd etmişdir ki, proqramın əsas məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xararkter almasının təmin edilməsi və idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasıdır.

          Sonra kollecin informatika müəllimi Cəmilə Nəsirova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın təsdiq edilməsi haqqında 09 avqust 2019-cu il tarixli müvafiq saylı Sərəncamı haqqında tələbələrə ətraflı məlumat vermişdir. O, slaytlar vasitəsi ilə çıxışında bildirmişdir ki, qeyd olunan Sərəncam muxtar respublikada nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması, institusional mühit yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.  O, qeyd etmişdir ki, muxtar respublikada 2014-cü ildən Mərkəzi Bankla Vergilər Nazirliyi tərəfindən hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. Ümumilikdə keçirilmiş 11 tirajda 2577 vətəndaşa 165 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilmişdir.

   Görüş diskussiya şəraitində davam etdirilmiş və tələbələrin sualları cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin