Təkmilləşdirmə kursları

Naxçıvan Tibb Kollecində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb  müəssisələrində çalışan orta tibb işçiləri üçün təkmilləşdirmə kursunun  keçirilməsi davam etdirilir. Bu məqsədilə 17.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsi, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi  şəxsi, “Şərur Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin müvafiq ixtisas üzrə tibb bacıları və feldşerləri üçün “Ağciyərlərin suni ventilyasiyası” üzrə təkmilləşdirmə kursu keçirilir. Təkmilləşdirmə kursunun nəzəri hissəsinin kollecdə, praktik hissəsinin “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzipublik hüquqi şəxsində keçirilməsi planlaşdırılmışdır. Nəzəri hissə mulyaj, slayd və əyani vəsaitlər üzərində keçirilir. Təkmilləşdirmə kursu  tənəffüs üzvlərinin anatomiya və fiziologiyası, ASV ( invaziv və qeyri-invaziv ventilyasiya), ASV aparılan müasir aparatların işləmə prinsipi, tənəffüs üzvlərinin patologiyalarında ASV-n aparılma texnikası, bu patologiyalar zamanı düzgün taktikanın seçilməsi, ASV-n  tətbiqi zamanı baş verə biləcək ağırlaşmaların profilaktikası (təhlükəsiz ASV) kimi mövzuları əhatə edir. Kursun sonunda müdavimlər imtahandan keçirilərək və müvafiq sertifikatlarla təmin ediləcək. Qeyd etmək lazımdır ki, bu kursa muxtar respublikanın bütün tibb müəssisələrinin müvafiq ixtisaslı tibb bacıları və feldşerləri cəlb ediləcək. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan mamalar, laboratoriya tibb bacıları, peyvənd  tibb bacıları və qeydiyyatçılar artıq müvafiq kurslara cəlb edilmişlər.

Bizi sosial şəbəkələrdə izləyin