Multikulturalizm Azərbaycanda

15 dekabr 2021-ci il tarixində Naxçıvan Tibb Kollecində  “Multikulturalizm Azərbaycanda” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

O qeyd etmişdir ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Sonra kollecin kitabxana müdiri  Leyla Əliyeva  “Multikulturalizm və millətlərarası münasibətlərin inkişaf etdirilməsi”  və kollecin müəllimi Aynurə Sevdimalıyeva  “Multikulturalizmin elmi-nəzəri əsasları” mövzusunda çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq, uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikultiralizmin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İkinci dəfə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bugünə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.

Qeyd etmişdirlər ki, Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolerantlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt olaraq, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır.

Bizi sosial şəbəkələrdə izləyin