Qanlı Yanvar Faciəsi

19.01.2022-ci ildə Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.

 Tədbiri kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Sonra kollecin müəllimi Aynur Sevdimalıyeva “20 Yanvar Faciəsi" mövzusunda çıxış edərək bildirmişdir ki, , 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Sonda 20 Yanvar faciəsinə aid video-çarx nümayiş etdirilmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin