1 Dekabr - Ümumdünya Qiçs günü

1 dekabr 2018-ci ildə Naxçıvan Tibb Kollecində “Ümumdünya QİÇS-lə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbiri kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, “1 Dekabr  Ümumdünya QİÇS-lə Mübarizə” gününün qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Qeyd edilmişdir  ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə  qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişləndirilib. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyada yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir.

Sonra kollecin müəllimi İlkanə Ağalarova çıxış edərək QİÇS-in tarixi haqqında məlumat vermişdir. O, öz çıxışında bildirmişdir ki, hazırda bu problem son dərəcə aktual  problemlərdən biridir. Hələ 20 il əvvəl QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılırdı, günümüzün reallıqları isə tamam başqadır.

Sonra isə Naxçıvan Tibb Kollecinin  tələbəsi İnci  Vəliyeva öz çıxışında virusun quruluşu, mərhələləri haqqında ətraflı məlumat vermişdir.

Sonda  “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə günü” nə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin