8 may -Beynəlxalq Talassemiya Günü

07.05.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində “8 may-Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar olaraq elmi-praktik konfrans keçirilmiş, konfransda həmin kollecin  müəllim -tələbə  heyəti iştirak etmişdir.

Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova konfransı giriş sözü ilə açaraq qeyd etmişdir ki, talassemiya xəstəliyinə düçar olan xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli Qərarı ilə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Bu proqrama əsasən isə ilk növbədə hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması qarşıya məqsəd qoyulub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb.

Talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı təsdiq edilib. Bu Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib. Naxçıvan Muxtar Respublikasında, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün işlər görülüb, lazımı avadanlıqlar alınıb. Talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Gündüz stasionarlarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi əsasən evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.  

Daha sonra Naxçıvan Tibb Kollecinin müəllimi Arzu Kərimli, talassemiya xəstəliyi haqqında slaydlarla ətraflı məlumat vermişdir.

 

Bizi sosial şəbəkələrdə izləyin