XX əsrin qan yaddaşı Xocalı soyqırımı

26.02.2021-ci ildə Naxçıvan Tibb Kollecində “Xocalı soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin bölmələri ilə yanaşı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası  7000 nəfərin əhalisi olan Xocalıya hücum etmiş, orada yaşayan etnik Azərbaycanlıları günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirərək genosid aktını həyata keçirmişdilər. Xocalıya 3 istiqamətdə hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdur. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-sinin taleyi hələ də məlum deyil, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşmüş, zəifləmiş insanların çox hissəsi xüsusi qəddarlıqla məhv edilmiş və əksəriyyəti də təşviş içində yüngül geyimdə qaçdığından müxtəlif dərəcəli donvurmanın qurbanı olmuşdular.

Ümummillider  H. Əliyev bu faciəni ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə, qeyri-insani cəza üsulları ilə, bəşər tarixində bir vəhşilik aktıdır və vəhşiliyin görünməmiş təzahürüdür”.

Sonra kollecin kitabxana müdiri, Leyla Əliyeva “ XX əsrin qan yaddaşı Xocalı soyqırımı” mövzusunda çıxış edərək bildirmişdir ki, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 29 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi soyqırım, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayətdir.

Son 2 əsrdə Azərbaycan torpaqları hesabına öz dövlətini yaradan, ərazilərini genişləndirən erməni millətçiləri dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparmışlar. Bu gün Azərbaycan ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz bir maneədir. Belə ki, Azərbaycan dünya hərb tarixində ən ədalətli müharibə aparan tərəf kimi tarixə düşmüşdür.

Ötən əsrdə 2 dəfə müstəqilliyini elan etmiş ölkəmiz bu yolda minlərlə şəhid vermiş və nəhayət 29 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün Azərbaycanın suverenliyi təmin olunub, müstəqil dövlətimiz qurulub, ölkəmizin hərbi gücü artıb və getdikcə artır. Ali Baş Komandamızın və Milli Ordumuzun səyi nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın qanı yerdə qalmamışdır.Hər bir vətəndaşın ümdə vəzifəsi gənc nəslə qürur yeri olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə  etməkdir.      

Tədbirin sonunda kollecin tələbələri Aysu Fərzəliyeva “Xocalı faciəsi -Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş  dəhşətli cinayətdir !”mövzusunda çıxış etmiş, Leylan Cəfərova “Xocalı” şeirini səsləndirmişdir.

Bizi sosial şəbəkələrdə izləyin