Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu

          Naxçıvan Tibb Kollecində 08.05.2021-ci il tarixdə “Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

      Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sona Məmmədova  sağlam həyat tərzinin təbliği məqsədilə elmi-praktik konfransların təşkil olunmasının gələcək nəslin sağlam və məlumatlı böyüməsinə zəmin yaratdığını bildirmişdir. O,  qeyd etmişdir ki,  yaxın qohum evlilikləri zamanı  xəstə uşaqların doğulma riski artır. Buna görə belə nikahlara yol verməmək tövsiyə olunur. O, bildirmişdir ki, talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Talassemiya xəstəliyinə düçar olan xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli müvafiq Qərarı ilə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu proqrama əsasən ilk növbədə hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması, onlara göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb. Həmçinin qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında talassemiyalı xəstələrin müayinə və müalicəsi üçün hər bir şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün lazımi işlər görülüb, avadanlıqlar alınıb. Talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Gündüz stasionarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.

          Sonra kollecin tələbələri  Zeynəb  Rzayeva “Qan haqqında məlumat”,  Könül  Tağıyeva   “Talassemiya nədir”,  Səma Xəlilzadə və Raifə Rüstəmova  “Kiçik betta talassemiya”, Aytac Rzayeva “ Talassemiyanın irsi xüsusiyyətləri haqqında”  mövzuları üzrə slaytlarla çıxış etmişlər.

Bizi sosial şəbəkələrdə izləyin