Nizami Gəncəvinin hikmət xəzinəsi

17 mart 2021-ci il tarixdə NaxçıvanTibb Kollecində dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmdəova açaraq bildirmişdir ki,  bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır.

İnsanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami bəşər övladını öz adına layiq olmağa çağırır: ömrünü, varlığını yalnız böyük və nəcib əməllərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci kimi yaşamağa layiq olduğunu bildirir. Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, İnsan öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bütün kainat onun hökmündə, iradə və ixtiyarındadır. Bu mənada, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən və oxunması zəruri olan bəşəri kitablardan biri də Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəridir. 

Sonra kollecin metodisti Səidə Şahverdiyeva “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda çıxış etmişdir.

Tədbirdə Nizami Gəncəvinin  2 qəsidəsi və “Xəmsə”yə daxil olan poemalardan hissələr Naxçıvan Tibb Kollecinin tələbələri tətəfindən səsləndirilmişdir.

Tədbirin sonunda, Nizami Gəncəvinin hikmət və nəsihətli sözlərindən hazırlanmış videoçarx izlənilmişdir.

 

 

Naxçıvanqala

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına əsasən Naxçıvanda keçirilən "Muzey günləri" çərçivəsində 13 mart tarixində Naxçıvan Tibb Kolleci "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində olmuşdular.

5 mart Bədən tərbiyyəsi və İdman günü

5 mart 2021-ci il tarixində Naxçıvan Tibb Kollecində "5 mart Bədən tərbiyyəsi və İdman günü" ilə əlaqədar kollecin oğlanlardan ibarət voleybol komandaları arasında yarış keçirilmişdir. Yarışda qalib gələn komanda üzvləri diplomlarla təltif olunmuşdur.

Ümumdünya Mülki Müdafiə günü

    Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" ilə bağlı keçirilən təlimdə iştirak ediblər.

   Təlimin nəzəri hisssəsində "1 mart - Ümumdünya Mülki Müdafiə Günü"nün əhəmiyyəti, mülki müdafiənin tarixi, məqsəd və prinsipləri haqqında şəxsi heyətə məlumat verilmişdir. Təlimin əməli hissəsində zərərçəkənlərə ilk yardımın göstərilməsi zamanı sanitarların fəaliyyəti, kinoloji bölmədə xüsusi təlim görmüş itlər vasitəsi ilə zərərçəkmişin tapılması, yanğından mühafizə tağımının şəxsi heyətinə yanğınsöndürənlərin döyüş paltarlarının geyinilməsi, döyüş açılışı tapşırığının yerinə yetirilməsi, radioaktiv kimyəvi və bakterioloji zəhərlənmələrdən mühafizə tədbirləri , hündür mərtəbəli binalardan müxtəlif üsullarla insanların təxliyyə edilməsi, qayıqlar və dalğıc avadanlıqları gənclərə nümayiş etdirilmiş, bir çox sahələrdə yarışlar keçirilmişdir.

Təlimdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak etmişdir.

 

 

 

 

XX əsrin qan yaddaşı Xocalı soyqırımı

26.02.2021-ci ildə Naxçıvan Tibb Kollecində “Xocalı soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin bölmələri ilə yanaşı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası  7000 nəfərin əhalisi olan Xocalıya hücum etmiş, orada yaşayan etnik Azərbaycanlıları günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirərək genosid aktını həyata keçirmişdilər. Xocalıya 3 istiqamətdə hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdur. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-sinin taleyi hələ də məlum deyil, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşmüş, zəifləmiş insanların çox hissəsi xüsusi qəddarlıqla məhv edilmiş və əksəriyyəti də təşviş içində yüngül geyimdə qaçdığından müxtəlif dərəcəli donvurmanın qurbanı olmuşdular.

Ümummillider  H. Əliyev bu faciəni ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə, qeyri-insani cəza üsulları ilə, bəşər tarixində bir vəhşilik aktıdır və vəhşiliyin görünməmiş təzahürüdür”.

Sonra kollecin kitabxana müdiri, Leyla Əliyeva “ XX əsrin qan yaddaşı Xocalı soyqırımı” mövzusunda çıxış edərək bildirmişdir ki, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 29 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi soyqırım, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayətdir.

Son 2 əsrdə Azərbaycan torpaqları hesabına öz dövlətini yaradan, ərazilərini genişləndirən erməni millətçiləri dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparmışlar. Bu gün Azərbaycan ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz bir maneədir. Belə ki, Azərbaycan dünya hərb tarixində ən ədalətli müharibə aparan tərəf kimi tarixə düşmüşdür.

Ötən əsrdə 2 dəfə müstəqilliyini elan etmiş ölkəmiz bu yolda minlərlə şəhid vermiş və nəhayət 29 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün Azərbaycanın suverenliyi təmin olunub, müstəqil dövlətimiz qurulub, ölkəmizin hərbi gücü artıb və getdikcə artır. Ali Baş Komandamızın və Milli Ordumuzun səyi nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın qanı yerdə qalmamışdır.Hər bir vətəndaşın ümdə vəzifəsi gənc nəslə qürur yeri olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə  etməkdir.      

Tədbirin sonunda kollecin tələbələri Aysu Fərzəliyeva “Xocalı faciəsi -Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş  dəhşətli cinayətdir !”mövzusunda çıxış etmiş, Leylan Cəfərova “Xocalı” şeirini səsləndirmişdir.

2 Fevral

  

    02.02.2021-ci ildə Naxçıvan Tibb Kollecində 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Sonra kollecin metodisti, Səidə Şahverdiyeva “Ümumilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti” mövzusunda çıxış etmişdır. O, çıxışında qeyd etmişdir ki, Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Tədbirin sonunda kollecin tələbəsi Çinarə Məmmədova “Azərbaycan gənçliyi, gənçliyimiz gələcəyimizdir” mövzusunda çıxış etmişdir.

Qan Yaddaşımız

 

 

19.01.2021-ci ildə Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 20 Yanvar və Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.  

          Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Sonra kollecin metodisti Səaidə Şahverediyeva “1990—cı ilin Qanlı Yanvarı” , kollecin tələbəsi Çinarə Məmmədova “Azadlıq qəhrəmanları – 20 Yanvar şəhidləri” mövzusunda çıxış etdilər.

Tədbirin sonun kollecin tələbəsi İlkanə Əliyeva şəhidlərə həsr etdiyi şeirlə çıxış etdi.

İki min doqquz yuz iki şəhid!

Ey əziz şəhidim sayına qurban,

Vətən torpağında qanın tökülən

O yere, o yurda canına qurban.

 

Axsada üzümə indi göz yaşım,

Zəfər səninkidir əziz qardaşım,

Adınla ucaldı bu haqq savaşın,

Belə şöhrətinə, şanına qurban.

 

Şəhidlər heç zaman ölməz dedilər,

Vuruşur sonadək dönməz dedilər,

Sizi göydən enən mələk bildilər,

Müqəddəs sayılan adına qurban.

 Tədbirdən sonra tələbələr kollecdə təşkil olunmuş sərgiyə baxış keçirmişlər.

12 Dekabr-Anım Günü

    

11.12.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində  xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Əvvəlcə  bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Sonra kollecin müəllimi Rəna Vəliyeva “Ümumilli Heydər Əliyevin həyatı və uzaqgörən siyasəti” mövzusunda çıxış etmişdir.

O, bildirmişdir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

   Tədbirin sonunda vidoçarx izlənilmişdir.

Hüseyn Cavid

05.11.2020 ci il tarixdə Naxçıvan Tibb Kollecinin kollektivi "Hüseyn Cavid " məqbərəsində ziyarətdə olmuşdular. 

QİÇS-lə mübarizə günü

01.12.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

          Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, 1dekabr  ümumdünya QiÇS-lə  mübarizə günüdür. Bu  günün  qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni  Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq  Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şüarı altında keçirilir. Yəni,  yeni yoluxma halları - sıfır, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları - sıfır və QİÇS -lə bağlı ölüm halları - sıfır. O, bildirmişdir ki, QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.  

XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.

Qeyd etmişdir ki, Azərbaycanda da HİV/AİDS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.    Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini gücləndirməkdir.

 

Sonra kollecin metodisti Səidə Şahverdiyeva  “Xəstəliyin yoluxma yolları, profilaktikası və müalicəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin