Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladaraq deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlamışdır. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızda da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.