31 mart 2021-ci il tarixdə Naxçıvan Tibb Kollecində “31 mart Soyqırım” günü ilə əlaqədar tədbir kçeirilmişdir. Tədbirdə əvvəlcə soyqırım qurbanları və Vətənimizin uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 1918-ci ilin martında daşnaq-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı isə bu xalqın mübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, hər an düşməndən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşımasının ifadəsi oldu.
O, qeyd etmişdir ki, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə basqını Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın alınması, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radio elektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi.
Təbii ki, bu günədək əldə olunmuş nailiyyətlər, Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanıb. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı. Ölkə başçısı da Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında səsləndirərkən bunu bir daha qeyd etdi: “Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik”.
Sonra kollecin müəlliməsi Aynur Sevdimalıyeva “Azərbaycanlıların soyqırımı və deportasiyası” mövsunda çıxış etmişdir. O bildirmişdir ki, şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış.Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Tədbirin sonunda videoçarx izlənilmiş, sonra isə kollecdə təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.